3 Haziran 2010 Perşembe

Atmosferi nə çirkləndirir ?!




    Müasir elmi-texniki tərəqqi dövrü çox böyük sənaye mərkəzlərinin yaranması ilə səciyyələnir ki, bunların fəaliyyəti nəticəsində xarici mühitin, xüsusən atmosfer havasının intensiv çirklənməsi baş verir. Atmosferin çirklənməsi dedikdə əsasən insan fəaliyyəti nəticəsində havaya atılan qatışıqlar nəzərdə tutulur.

    İri sənaye şəhərlərində atmosfer havasının çirkləndirən mənbələrə sənaye müəssisələri, yaşayış və ictimai binaları qızdırmaq üçün fəaliyyət göstərən istilik-elektrik mərkəzləri, müxtəlif nəqliyyat növləri və s. aiddir. Kənd yerləri havasının çirklənməsində isə mühüm yeri iri heyvandarlıq kompleksləri, kənd təsərrüfatı məhsullarının becərilməsi prosesləri tutur. Bu zaman atmosfer havası çoxlu zərərli maddələrlə çirklənir. Buraya müxtəlif tozlar, karbon və dəm qazları, kükürd qazı, azot oksidləri aiddir.

    Mənzillərdə dəm qazının mənbəyi mətbəxlərdə qaz sobaları və piltələrdir. Onlardan düzgün istifadə edilmədikdə, ventilyasiya düzgün işləmədikdə mətbəxlərin havasında dəm qazının konsentrasiyası çox yüksək olur.

    Dəm qazı iysiz və rəngsiz  olduğuna və selikli qişaları qıcıqlandırmadığına görə bu qazla zəhərlənmə təhlükəsi yüksəkdir. Belə ki, yüngül formalı zəhərlənmə hallarında başda ağırlıq, zəiflik, baş gicəllənmə, ürək bulanma, qusma, ağır zəhərlənmə halında isə huşun itməsi , hətta ölüm baş verir.

    Son vaxtlar böyük şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr arasında avtomobil nəqliyyatı vasitələri mühüm əhəmiyyətə malikdir. Avtomobilərin işlənmiş tullantı qazlarının tərkibində 60-dan çox toksik maddə olur.